Bu gün “Eurovision-2022” mahnı müsabiqəsinin birinci yarımfinalına start verilib. Miraj.az xəbər verir ki, İtaliyanın Turin şəhərində keçirilən müsabiqə Azərbaycanda İctimai Televiziyanın (İTV) efirində canlı yayımlanır.
Mayın 14-də yekunlaşacaq mahnı müsabiqəsində Azərbaycanı Nadir Rüstəmli təmsil edir. O, “Fade To Black” adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək. İkinci yarımfinal mayın 12-də baş tutacaq.
Şüarı “The Sound of Beauty”dir (“Gözəlliyin Səsi”) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arifdir.
Xatırladaq ki, ötən gün İTV “Eurovision-2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb. Məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İTV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək. Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İTV-nin canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.