Bu gün “Eurovision-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Miraj.az xəbər verir ki, İtaliyanın Turin şəhərində keçirilən müsabiqə Azərbaycanda İctimai Televiziyanın (İTV) efirində canlı yayımlanıb.
İlk yarımfinalda 17 ölkənin təmsilçisi çıxış edib: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.
Çıxışların başa çatmasından sonra keçirilən səsvermədə daha çox səs toplamış 10 ölkə – İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib. Albaniya, Latviya, Sloveniya, Bolqarıstan, Xorvatiya, Danimarka və Avstriya isə müsabiqə ilə yarımfinaldaca vidalaşmalı olub.
Mayın 14-də yekunlaşacaq mahnı müsabiqəsində Azərbaycanı Nadir Rüstəmli təmsil edir. O, “Fade To Black” adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək. İkinci yarımfinal mayın 12-də baş tutacaq.
Şüarı “The Sound of Beauty”dir (“Gözəlliyin Səsi”) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arifdir.
Xatırladaq ki, ötən gün İTV “Eurovision-2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb. Məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İTV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək. Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İTV-nin canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.