“Eurovision-2022”: Azərbaycan finalda!

İtaliyanın Turin şəhərində 66-cı “Eurovision-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Miraj.az xəbər verir ki, “Pala Olimpico”da təşkil olunan müsabiqənin sonuncu yarımfinalında 18 ölkənin təmsilçiləri yarışıb.

Həmin ölkələr bunlar idi: Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç, Rumıniya və Çexiya. Adları çəkilən ölkələrin təmsilçiləri öz performanslarını nümayiş etdiriblər.

Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edib. Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran Azərbaycan mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanıb.

Bundan başqa, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.

Xatırladaq ki, mayın 10-da keçirilən birinci yarımfinalda da səsvermədə daha çox səs toplamış 10 ölkə – İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlmişdi.

Finala vəsiqə qazanmış bu 20 ölkə ilə yanaşı, Almaniya, Fransa, İtaliya, İspaniya və İngiltərə də həlledici mərhələdə qalib adı uğrunda mübarizə aparacaq.

Sonda bir daha xatırladaq ki, “Eurovision-2022” mahnı müsabiqəsinin final mərhələsi mayın 14-də baş tutacaq.