“Eurovision-2022”: Azərbaycanla bağlı böyük qalmaqal

İtaliyanın Turin şəhərində keçirilmiş “Eurovision-2022” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşandığını xəbər vermişdik. Miraj.az xəbər verir ki, bu səbəbdən Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, təşkilatçılar özləri açıqlamışdılar.

Onlar Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyini açıqlasa da, bunun əslində belə olmadığı məlum olub. Belə ki, Nərmin Salmanova İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini vurğulayıb. Məsələ ilə bağlı araşdırma aparıldığı qeyd olunub.

Artıq müsabiqənin rəsmi saytında da sözügedən məsələ ilə bağlı açıqlama verilib. “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni münsiflər heyətindən çıxardığını bəyan edib. Sözügedən ölkələr Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinodur. Həmin ölkələr qaydaları pozmaqda ittiham edilib.

Yeri gəlmişkən, “Harri Potter” kitabının müəllifi Coan Roulinq sosial şəbəkədə bu mahnı müsabiqəsinin nəticələri ilə bağlı paylaşımlar edib. O, “Twitter” hesabında Azərbaycanın yarışmadakı çıxışına da toxunub. Ölkəmizi daha ön pillərdə görən yazıçı “Azərbaycanın haqqını yedilər” şərhini yazıb.

Xatırladaq ki, yarışmanın qalibi Ukrayna olub. Sözügedən ölkə 631 səslə birinci olub. Ukraynanı “Kaluş” qrupu “Stefania” mahnısı ilə təmsil edib. Azərbaycan isə bu yarışmada Nadir Rüstəmli təmsil edirdi. O, “Fade to black” mahnısı ilə 106 xal toplayaraq 16-cı sırada qərarlaşıb.