Avropa Yayım Birliyi (EBU) “Eurovision-2022” mahnı müsabiqəsində 6 ölkənin münsif səslərinin ləğv olunması ilə bağlı açıqlama verib. Miraj.az xəbər verir ki, buna 6 ölkənin münsiflərinin bir-birini öz sıralamalarında “TOP 5”də qeyd etməsi səbəb göstərilib.
Təşkilatçılar bunu münsiflər arasında xal transferi olaraq qəbul edib və müsabiqə qaydalarına zidd olduğu üçün xallar sıfırlanıb. AYB ölkələrə öz münsif heyətləri ilə məsələni tədqiq etməyə imkan yaratdığını əlavə edib.
Xatırladaq ki, “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni – Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Buna münsiflər heyətinin səsverməni manipulyasiya etməkdə şübhəli bilinən cəhdləri səbəb göstərilib. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini etibarsız sayıb.
Xatırladaq ki, İtaliyanın Turin şəhərində təşkil olunan sonuncu yarışmanın qalibi Ukrayna olub. Sözügedən ölkə 631 səslə birinci olub. Ukraynanı “Kaluş” qrupu “Stefania” mahnısı ilə təmsil edib. Azərbaycan isə bu yarışmada Nadir Rüstəmli təmsil edirdi. O, “Fade to black” mahnısı ilə 106 xal toplayaraq 16-cı sırada qərarlaşıb.