İtaliyanın Turin şəhərində “Eurovision-2022” mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Miraj.az xəbər verir ki, Azərbaycanı “Fade to black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli də finalda çıxış edib.
Onun performansı 15-ci nömrə altında baş tutub. Yeri gəlmişkən, təmsilçimiz final öncəsi imicində dəyişiklik edib. O, saçlarını kəsdirib. Onun imicini bəyənənlərlə yanaşı, saçını kəsdirdiyi üçün məyus olanlar da az olmayıb.
Finalda bütövlükdə 26 ölkə təmsil olunub. Bütün ölkələrin təmsilçiləri çıxışını başa vurduqdan sonra səsverməyə start verilib. Finalda Azərbaycan ən yüksək – 12 xalı Böyük Britaniyaya verib. Azərbaycana isə ən yüksək xalı İspaniya, Serbiya və Yunanıstan verib.
Bütövlükdə, Azərbaycana səs verən Avropa ölkələrinin xalları belə olub:
İspaniya – 12 xal
Serbiya – 12 xal
Yunanıstan – 12 xal
Kipr – 10 xal
San-Mariono – 7 xal
Böyük Britaniya – 7 xal
İsveç – 7 xal
Almaniya – 6 xal
Ukrayna – 5 xal
Şimali Makedoniya – 4 xal
Albaniya – 3 xal
Estoniya – 3 xal
Belçika – 3 xal
Bolqarıstan – 3 xal
Finlandiya – 3 xal
Malta – 2 xal
Avstraliya – 2 xal
Moldova – 1 xal
Monteneqro – 1 xal
Beləliklə, Azərbaycan peşəkar münsif heyəti səsverməsinin nəticələrinə görə ümumilikdə 103 xal toplayıb.
Yeri gəlmişkən, mahnı müsabiqəsində Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova təqdim etməli idi. Lakin nəticələr elan olunarkən Azərbaycanla canlı bağlantı yarada bilmədiklərini iddia edən təşkilatçılar bunu özləri açıqlayıblar.
Yekunda “Eurovision-2022”-nin qalibi Ukrayna olub. Sözügedən ölkə yekunda 631 səslə birinci olub. Ukraynanı “Kaluş” qrupu “Stefania” mahnısı ilə təmsil edib. Azərbaycan isə yekunda 106 xalla 16-cı sırada qərarlaşıb.