Xalq artisti Emin Ağalarov Rusiyanın Ukraynaya hücumundan sonra biznesində yaranan problemlərdən danışıb. Miraj.az xəbər verir ki, RBC-yə müsahibə verən sənətçi etiraflar edib.
O bildirib ki, beynəlxalq geyim və ayaqqabı brendləri Ukraynada hərbi xüsusi əməliyyat fonunda Rusiyada fəaliyyətini dayandırdıqdan sonra “Crocus Group”a məxsus ticarət mərkəzləri icarəçilərinin təxminən 30%-ni itirib.
Emin əlavə edib ki, hələ ticarət mərkəzində gediş-gəliş azalmayıb. Amma mağazalar açılmasa, bu, tezliklə baş verəcək.
“Mağazalar olmasa, ziyarətçilərimiz də olmayacaq. Ticarət mərkəzlərində əsas yerləri “H&M”, “Zara”, “Adidas” kimi brendlər və kinoteatrlar tuturdu. Amma mağazaları müvəqqəti bağlayanlar demək olar ki, kirayə haqqını ödəməyə davam edir. “H&M”, “Zara” kimi brendlər on il ərzində bazara böyük sərmayələr qoyublar, onlar ən yaxşı yerlər üçün mübarizə aparıblar. Onlar bilirlər ki, bazarı tərk etsələr, 5-10 ildən sonra geri qayıtmaq onlara xeyli baha başa gələcək”.
Ağalarov “Hazırda əlində malları olan mağazalar fəaliyyət göstərir. Amma yeni kolleksiya gəlmədiyi üçün bu çətindir. Təsəvür edin mayda vitrinlərdə yaz geyimləri yox, kürk, dublyonkalar düzülüb” sözlərini əlavə edib.
Emin Ağalarov kinoteatrların bu müharibədən ən çox ziyan görən sahə olduğunu vurğulayıb:
“Qərb premyeralarının olmaması səbəbindən kinoteatrlarda tamaşaçı sayı 70 faiz azalıb. “Vegas” ticarət mərkəzlərində 22 kinoteatrlar şəbəkəsindən yeddisi müvəqqəti olaraq bağlanıb. Bir seansda 12-17 min nəfər olurdu. Bütün bu salonlar dolu idi. Bu zalların fəaliyyətini davam etdirməsi üçün Rusiya bir neçə aya 100 ildir mövcud olan Hollivudu keçməli və bütün ölkənin getmək istədiyi filmlərin istehsalına başlamalıdır. Həm də ildə bir dəfə deyil, hər gün. Çox güman ki, biz bu işin öhdəsindən gəlməyəcəyik. Kinoteatrların yerinə isə boş qutular qalacaq. Orada tennis oynayacağıq”.
Ağalarov etiraf edib ki, özünün inkişaf etdirdiyi restoran biznesində bu ilin martında gəlir kəskin şəkildə azalıb. Ən pisi isə alış-veriş mərkəzlərində yerləşən, ziyarətçilərin az olduğu restoranlardadır. Restoranlarda gediş-gəliş orta hesabla 30-40% azalıb. Ağalarovun sözlərinə görə, indi vəziyyət bir az normallaşır.