Əməkdar artist Elza Seyidcahan ailəsinə məxsus bir mülklə bağlı üzləşdiyi ciddi çətinliklərdən danışıb. Miraj.az xəbər verir ki, o, bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” proqramında bəhs edib.
Belə ki, Elzanın anasına məxsus obyekt illər əvvəl keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verilib. Lakin onlar sonradan həmin məkanı mənimsəməyə çalışıblar. Müğənni məhz bu məsələ ilə bağlı proqrama gəlib və ona təzyiqlər olunduğunu vurğulayıb:
“Rüstəm Kərimzadə ilə əvvəl razılığa gəlmişdik. Amma hər gün icradan bizə məktub gəlir. Bizim məkanı bunlar satışa qoyur. Ali məhkəmənin qərarı var ki, biz öz məkanımız üçün onlara pul ödəməliyik. Bizim işimizdə qanunsuzluq var. Mənim nöqtə qədər verəcəyim olsa, məkanımı su qiymətinə satıb verərəm. Evimin sənədini banka qoyub, pul götürmək istədim. Amma 1970-ci ildən qalma köhnə evi bank götürmür. Bir sənət adamına bu qədər zülm verərlər? Onlar vətən, Allah, iman tanımırlar. Deyirlər, get, 20 min, 50 min tap gətir. Haradan tapım? Mən bəstəkar adamam, axşamlar gedib proqramda oxuyuram. İntihara məcbur olmuşam. Bir insanı belə öldürərlər? Xoşqədəm Hidayətqızı zəng edib ki, bir aktyor xəstədir, gəl ona “Aktyorlar” mahnısını oxu. Deyirəm, siz bilmirsiniz ki, o mahnını yazan adamın özünü diri-diri öldürürlər. Ailəmi, məni məhv edirlər. Mən “pulu ödəmirəm” demirəm. Ödəyəcəm, amma danışıqlara əsasən. Bura gəlmək səbəbim odur ki, mənə yardım edilsin, 63 min manatı həmin adamlara ödəyim. Sonra bu pulu mənə verənlərin borcunu qaytarım”.
Elza Seyidcahan sənət dostlarına müraciət edərək, ona borc pul vermələrini istəyib.
Təranə Səmədova gəldi, əməkdar artistlər studiyanı tərk etdilər
Sözügedən verilişə prodüser Təranə Səmədova də qatılıb. O, özünü qarşı tərəfin nümayəndəsi kimi təqdim edib. Təranə həmin şirkətin icraçı direktoru olduğunu söyləyib və Elzanın ittihamlarına cavab verəcəyini bildirib. Lakin Seyidcahan prodüserin studiyaya daxil olduğunu gödüyü an verilişi tərk etmək istəyib. Təranə müğənninin verilişdən ayrılmamasını istəyib və sənətçinin icraçısı Rövşən Əhmədovun onu döydüyünü bildirib. O, daha sonra pencəyini soyunaraq bədənindəki izləri nümayiş etdirib. Elza isə prodüserin iddialarına cavab vermədən studiyanı tərk edib.
Lalə Azərtaşın aparıcısı olduğu proqramın digər qonağı, Əməkdar artist Vahid Əliyev də Elza ilə Təranə arasındakı mübahisəyə münasibət bildirib. Lakin bu dəfə Əliyevlə Səmədova arasında gərgin anlar yaşanıb. Aktyor Təranənin Elza ilə bağlı tənqidlərinə etiraz edib:
“Azərbaycan qadınını təmsil edirsiniz, danışığınıza fikir verin, eşitməyi bacarın. Bakılılarda bir söz var: get, kişin gəlsin. Qarşınızdakı insanı qiymətləndirin. Elza Seyidcahan “Əməkdar artist”dir. Sizin ixtiyarınız yoxdur Azərbaycan sənətçisinə yuxarıdan baxıb, təhqir edəsiniz”.
Təranə isə ona “Oğlunuzla bir yerdə böyümüşəm. Heç kimin ailəsində problemsiz heç nə olmur. Qızınızın da keçdiyi taledən xəbərim var. Artıq danışmaq lazım deyil” sözlərini işlədib. V.Əliyev isə onunla bir yerdə oturmaq istəmədiyini deyərək, studiyadan gedib.
Lalə Azərtaş Təranənin hamilə olduğunu açıqladı
Yeri gəlmişkən, Lalə Azərtaş Təranə Səmədovanın hamilə olduğunu açıqlayıb. Təranə özü də bir neçə gün əvvəl sosial şəbəkədə hamiləliklə bağlı status yazmışdı.
Sonda bir daha xatırladaq ki, Elza Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayevlə qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamaqdan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu bildirib.
Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayev 6 il 6 ay və ataları İsif Azayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü ilin 22 dekabrında gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.