Elza Seyidcahan: “Dərdimi kiminlə bölüşüm? Kömək istəməyim?”

Əməkdar artist Elza Seyidcahan son günlər verilişə çıxıb yardım istədiyi üçün onu tənqid edənlərə cavab verib. Miraj.az xəbər verir ki, ifaçı bunları söyləyib:

“Anam həmin yeri qutab, qoğal, şəkərbura bişirərək alıb. Gedib kiminsə toyunda oxumuşam, pul almamışam əvəvzində daş verib. Birinin məclisini idarə etmişəm, məkanı təmir etdirib. Anam öz məkanından küçəyə atılıb, qaçqın kimi qalıb. Atasız, qardaşsız, anam halal zəhməti ilə 4 qız böyüdüb. Dərdimi kiminlə bölüşüm? Efirə çıxıb deməməliyəm, kömək edin? Onlar istəyir ki, məkanımızı zəbt etsinlər.

6 ildir həmin adamların anası Elmira Azayeva məkanımızı işlədir. Sonra o, dünyasını dəyişdi, məkan qaldı boş. Zəng etdilər ki, qapılar, pəncərələr sındırılıb. Başsız qalan yerdə nə olar? Çəkilişlə getdik məkana, əlimizdə hər dəlil var. Elmira Azayeva rəhmətə getdi, anam gedib məkanda 5 ay qaldı. Anamın üstünə adam göndərdilər, bıçaqla təhdid edirdilər. Bizi hədələyirdilər ki, 57 min manat ödəməlisiniz. Bilmədik nə səbəbə, amma dedik yavaş-yavaş ödəyəcəyik.

7 ildir məhkəmələrdəyəm. Vəkilim İlhamə xanım sonda deyir ki, siz bu pulu ödəməlisiniz? Necə yəni, haqq, ədalət harada qaldı? Anam yarım saatın içində evini 47 min manata satdı. Çox ucuz qiymətə satdı, çünki bizə təkid edirdilər. Bilsəydim, onu buna etməyə qoymazdım”.

Xatırladaq ki, Elza Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Seyidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə o, proqramda yardım istəyib. Bundan sonra sənət dostları arasında müğənniyə yardım edənlərin sayı çoxalıb.