Müğənni Elnar Xəlilov keçmiş həyat yoldaşı, şairə Aysel Vaqifqızı ilə rəsmən boşanıb. Miraj.az xəbər verir ki, o, məhkəməyə boşanmaq üçün özünün müraciət etdiyini bildirib:
“Deyir ki, o, ilk müraciət edib, amma yox. Qarşı tərəf bildirib ki, alimentdən başqa mənə uşağa baxdığım üçün pul ayırsınlar. İşləmədiyini, heç bir iş yeri olmadığı üçün alimentdən başqa pul istəyib. Dayə kimi pul ödəməliyəm. Məhkəmə nə qərar versə, edəcəyimi dedim. Orada da uşağa baxma pulu, aliment yazılıb. Özü üçün 100 manat istəyib, məhkəmə də 50 manat ödənilməsinə qərar verib. Ödəyəcəm onu da. 193 manat alimentdir, 50 manat da ona. Deyirdi ki, onun ailəsini mən saxlamalıyam, indi 50 manat istəyir. Sənədləri verəndə pulu kartına göndərəcəm. Bir insan bir insanı nə dərəcədə görmək istəmir ki, pulu onun kartına göndərir. Sizin imkanlı saydığınız, Elnarın ondan istifadə etdiyini düşündüyünüz insan uşağına baxmaq üçün 50 manat istəyir. Ona görə də deyirəm, əlinizi vicdanınıza qoyun”.
Elnar Xəlilov boşanma səbəblərindən də danışıb: “Adam “İnstagram”da fenomen olmaq, azad olmaq istəyirdi, ən böyük problem bu idi. Mənə nə deyərlər, deməzlər ki, yoldaşı bütün günü “TikTok”dadır? Qarşı tərəf hicablı olduğu üçün ondan başqa şey gözləyirlər. Təhqirlər olur. Nə qədər şərh siləsən? Kişiyəm, götürə bilmirəm. Məqsədi məni nüfuzdan salmaq idi”. (MTV Maqazin)
Elnar onu da əlavə edib ki, keçmiş xanımı ona oğlu Enesi göstərmir. İfaçı daha sonra ilk evlilikdən olan 9 yaşı oğlunu göstərib. O əlavə edib ki, onunla münasibətləri yaxşıdır.
“Danışsam, biabır olarsan”
Aysel Vaqifqızı Elnar Xəlilovunun onun ünvanına dediklərinə cavab verib. O, Elnarın dediklərini yalan adlandıraraq, ona qadağa qoyduğunu bildirib:
“Xalqa yalanını sübut edəcəm, qadın pulu yemək istədiyini, alfonsluğunu… Guya bundan dayə kimi 100 manat pul istəmişəm. Məhkəmədə yeni qayda çıxıb, tərəflər razılıqla məhkəməyə gedir. Gəldi və dedi şərt var, qəbul etməsən, evi əlindən alacam. Dedi ki, uşaqdan imtina edirəm, istəmirəm, qəbul etməsən, evi alacam. Biz ailə quranda bunun ailəsinin maddi problemi vardı, maşınımı satdım ev aldım. Bu evdə bir manat haqqı yoxdur. Dedim, necə uşaqdan imtina edirəm? Qayıtdı ki, gedin öz həyatınızı qurun, 18 yaşında bəlkə qabağınıza çıxaram. Bununla razılaş, ya da evi əlindən alacam. Dedim, razı deyiləm, uşağı tək dünyaya gətirməmişəm.
Məni hədələdi ki, razı deyilsənsə, gör başına nə oyun açacam. Süd haqqı anaya uşaq 3 yaşına çatana qədər verilməlidir. O da vermək istəmirdi, mən də məhkəməyə verdim. Çünki məni mülklə bağlı məhkəməyə verib. Əlimdə bütün sənədlər var ki, maşını subay vaxtı almışam, hansı salona neçəyə satmışam. Qəpiyimi də ona verməyəcəm. Sonuna qədər gedəcəm. Bu günə qədər danışmırdım, indi məni şantaj etdiyi üçün hər şey edəcəm.
Məhkəmədə bildirdi ki, uşaqdan imtina edir. Deyir guya mən fenomen olmaq istədim, o da ayrıldı. Mən onların ailəsində olan problemlərdən başımı götürüb qaçmışam. Danışsam, biabır olarsan”.