Tanınmış azərbaycanlı müğənni Eldar Qasımov və ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikkerson Bakı küçələrində elektromobillə gəzintiyə çıxıblar. Miraj.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
Belə ki, ABŞ-ın Azərbaycandaki Səfirliyi yeni elektrikli avtomobil alıb. Diplomatik nömrəli yeni elektrik avtomobili artıq Bakının küçələrində görə bilərsiniz. Səfirliyin avtomobil parkına məxsus olan bu maşın sözügedən qurumun ətraf mühiti qoruyan təşəbbüslərə dəstəyə sadiq olduğunun nümunəsidir. Səfir müavini Maykl Dikkerson yeni avtomobili Azərbaycanın tanınmış müğənnisi Eldar Qasımov ilə birgə “carpool karaoke” üslubunda çəkilmiş videoçarxda təqdim edib.
Səfirlik Eldar və Kaspian Media Qrupu ilə tərəfdaşlıq edərək ətraf mühitin qorunmasında fərqli rol oynayan yeni elektrik maşını təqdim etməkdən məmnunluq duyduğunu açıqlayıb. Səfirlik habelə Ləndmark biznes mərkəzinə, ərazisində maşının enerji doldurulma stansiyasını yerləşdirdiyinə görə minnətdarlığını bildirib. Bildirilir ki, bu maşının gündəlik və səmərəli istifadəsi sayəsində həm yanacağa sərfiyyat ediləcək, həm də karbon qazının ətraf mühitə tullanmasının qarşısı alınmış olacaq.

Elektrik maşınların istifadəsinə keçid almaq qərarı Prezident Co Baydenin 2030-cu il üçün ABŞ-ın atmosferə istixana qazlarının tullantılarının miqdarını yarıya endirmək öhdəliyinə uğun həyata keçirilir. Prezident Bayden həmçinin bəyan etmişdir ki, Amerika ətraf mühitə zərərsiz avtomobillərin istifadəsində lider rolunu oynayacaq. O, 2030-cu il üçün elektrik avtomobillərin ümumi satışların 50 faizini təşkil etməsi kimi ambisiyalı məqsədi bəyan edib.
Dünyanın vətəndaşları olaraq biz hamımız sözügedən səylərlə; avtomobillərin istifadəsini azaltmaq, velosipedlərdən istifadə etmək, gəzmək və təbii ki elektrik avtomobillərdən istifadə etməklə dəstək verə bilərik.
Eldar Qasımov və Maykl Dikkerson da məhz bu ideyalara dəstək olaraq elektrikli avtomobildə gəzməklə həm söhbət ediblər, həm də mahnılar ifa ediblər. Səfir müavininin azərbaycanca mahnı ifa etməsi də diqqətdən yayınmayıb. Sonda ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger də onlara qoşulub.