Elcan Rəsulov: “Zibillikdən butulka yığırdım, bədənim yara olmuşdu”

Aktyor Elcan Rəsulov “Söz baz” verilişinin qonağı olub. Miraj.az xəbər verir ki, aktyor uşaqlıq illərində yaşadığı çətinliklərdən danışıb:

“İlk qazancım, deyəsən, 1 “məmməd” idi. 6 ya 7-ci sinifdə oxuyurdum. O zamanlar Yeni Yasamalda binalar yox idi, düzənlik bir yer idi. Yığılan zibilləri aparıb ora tökürdülər. Qonşularımızdan 1-2 nəfərlə oranı kəşf etmişdik. Çünki, ən çox butulka orada olurdu. Zibilliyin içindən butulkaları yığıb, təmizləyib, yeşiklərə yığırdıq. Bədənimizin hər yeri yara idi, çünki zibilliyin içindən butulka yığdığımız üçün cücülər bizi dişləyirdi.

Adı Seyid olan bir dostum var idi, mənə yaxından baxıb dedi ki, çox pis gündəsən, heç kim üzünə də baxmayacaq. Sonra çox pis oldum ki, bəlkə bir də ora getməyim, amma yenə getdim. O qədər getdik ki, orada da butulka bitdi. Bunları danışmaqdan heç zaman utanmamışam”.