Aktyor Elcan Rəsulov gecə başına gələn hadisəni sosal şəbəkə izləyiciləri ilə bölüşüb. Miraj.az xəbər verir ki, sənətçi yaşadığı binanın blokunda narkotik aludəçiləri gördüyünü bildirib:
“Saat 03:50 radələrində evə gəlirəm. Görürəm ki, blokdan əlində dəmir boru və bir neçə dəmir parçası olan “patı” istifadəçisi çıxır. Tez maşından düşürəm. Məni görür dayanır, əlindəkiləri sakitcə yerə qoyur. Adını Elşən kimi təqdim edir. Təkidimlə hətta götürdüklərini də yerinə qoyur. Dərdini açır ki, 1981-ci il təvəllüdlüyəm, dəmir yığıram və aparıb metal alana satıram. 10 kilosuna 2.50 manat verir. 40 kilo yığanda 10 manat düzəlir. Bu dərdlinin dərdinin bir tərəfi.
İndi gələk başqa məsələyə. Bu niyə 5-6 kilometr məsafə qət edib, bizim bloka gəlib çıxıb? Deməli, məlumatınız üçün deyim ki, 5 mərtəbəli binaların giriş hissəsində hamıya sirli və həmişə bağlı qalan bir qapı olur. O, zirzəminin qapısıdır. 3-4 gün öncə, elə ilk olaraq qapının özü, daha sonra çərçivəsi yoxa çıxır. Ustalardan biri mənə bildirir ki, “jek” başqa yerdə işçilər üçün yer düzəldib, aparıb ora qapı kimi qoyub, bərk-bərk də mənə tapşırır ki, amma məndən eşitməmisən. Açıq qalmasın deyə 1975-ci ilə məxsus bir taxta qapını haradansa tapıb gətirib söykəyiblər həmin zirzəminin giriş yerinə. Beton divar da qəzalı vəziyyətə düşüb, yəqin ki, 2-3 günə kiminsə üstünə aşar.
Bu gözünə dönmədiyim narkotik istifadəçiləri də iki gündür dadanıblar zirzəmiyə. Əllərinə keçən dəmirlərdən daşıyırlar. Binanın bütün su və istilik sisteminin də əsası elə həmin zirzəmidədir. Yəni, orada dəmir çoxdur. Bir səhər oyanacağıq ki, artıq sular gəlmir. Dünən görüntünü qısa video kimi hekayə bölümündə paylaşdım ki, bəlkə, aidiyyatı qurumlardan kimsə görər və ürəyi ağrıyar”.
Elcan Rəsulov daha sonra “Bu postu kimsə səliqəli şəkildə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinə göndərib. Artıq polis məsələni nəzarətə götürüb, bura baxış da keçirib. Mənimlə də görüşüblər. Heç mənim işarə etmədiyim halda. Təsəvvür edin ki, qapının həllini də onlar öz üzərinə götürüblər. Çox təşəkkür edirəm” sözlərini yazıb.