Hazırda Rusiyada olan müğənni Damla Azərbaycana qayıda bilmir. Miraj.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, “İnstagram” hesabında bunları qeyd edib: “Tarix yenə təkrarlanır. Biz yenə də Moskvada qaldıq. Yollar bu dəfə də bağlandı”.
Qeyd edək ki, martın 5-dən etibarən Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb. Bu üzdən “Azərbaycan Hava Yolları” (AZAL) QSC də oxşar addım atmağa qərar verib. Belə ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart saat 08:00-dan etibarən Rusiyanın şəhərlərinə bütün reysləri dayandırıb. Bunun Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəli olduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, Damla iki il əvvəl pandemiyaya görə uçuşlar dayandırılanda da Rusiyada qalmışdı. O, bir müddət əvvəl Moskvada baş tutan toya dəvət aldığı üçün komandası ilə birlikdə Rusiya paytaxtına yollanmışdı.