Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Miraj.az xəbər verir ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb.
1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayının 1-də Azərbaycan əhalisinin sayı 10 156 366 nəfər olub. Onların 50 faizini qadınlar təşkil edir. Ötən il doğulan 112,3 min körpədən 46,4 faizi qız uşağı olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,5 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,6 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 49,3 faizi qızlardır.
Sonda Miraj.az kollektivi adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir, can sağlığı və xoşbəxtlik arzulayırıq!