Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Miraj.az xəbər verir ki, bu il bayram 9-10 iyul tarixlərinə təsadüf edir.

Bu gün məscidlərdə Bayram namazları qılınacaq. Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 9-dan başlayaraq 3 gün davam edə bilər.

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını və ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ən səmimi arzu və diləklərini çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair tövsiyələrini çatdırıb.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır.

Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Hədislərdə qeyd olunub ki, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.

Qeyd edək ki, Аzərbаycаndа Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib. İyulun 9, 10, 11 və 12-si bayramla əlaqədar qeyri-iş günləridir.