Azərbaycanın “Açar” filmi Avropanın ən nüfuzlu qısametrajlı film festivallarından olan “Go Short” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına seçilib. Miraj.az xəbər verir ki, Qarabağ müharibəsi mövzusunda çəkilmiş bədii film Xocalı soyqırımının 30-cu ildönümündə ölkəmizi təmsil edəcək.
“Açar” qısametrajlı bədii filmi “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalıdır. Film işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Orucludur (Delee). “Açar”ın quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.
Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.
“Go Short” Avropanın ən nüfuzlu qısametrajlı film festivallarından biri hesab edilir. Festivalda Fransa, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Belçika, İsveçrə və digər ölkələrdən filmlər iştirak edəcək. Festival 1-20 aprel tarixində onlayn formada, 1-10 apreldə isə ənənəvi qaydada keçiriləcək. “Go Short” festivalının qaliblərinə “Oskar”, BAFTA və Avropa Film Mükafatına (EFA) vəsiqə verilir.