Ədalət Şükürov valideynlərə səsləndi: “Uşaqları çox yükləməyin”

Əməkdar artist Ədalət Şükürov valideynlərə səslənərək, övladlarını dərslə yükləməməyə çağırıb. Miraj.az xəbər verir ki, müğənni “Özəl” proqramında bunları söyləyib:

“Uşağın 5-6 yaşı var, valideyn hər şey edir, yükləyir: ingilis dili, idman, üzgüçülük. Siz nə edirsiniz? Qoyun, uşaqların uşaqlığı olsun. Getsin rəssamlığa, 1 ay sonra istəməyəcək. Getsin güləşə. Güləşdə də özünü tapmayacaq, gedəcək musiqiyə və nəticədə özünü tapacaq. Uşağın zövqünü formalaşdırmaq valideyndən asılıdır”.

Sənətçi öz uşaqlığından da söz açıb: “Çox istəyərdim məktəbdə əmək dərsi olsun. İndi uşaqlar nə bir lampa dəyişə, nə bir bolt bağlaya bilir. Xanım yemək bişirməyi, ütüləməyi, paltar tikməyi bacarmalıdır. Cavan ailələr bir adam tutur, o da hər şey edir”.

Ədalət Şükürov ad günü keçirməyi sevmədiyini də söyləyib:

“Ad günüm olanda telefonumu söndürürəm. Düşünürəm ki, bu, kompleksdir. Uşaqlıqda imkan olmurdu ad günü etməyə. Sonra yataqxanada qaldım, yenə etmirdim. Əsgərliyə getdim, 3 il suyun altında ad günüm olmadı. Amma adam var hər il ad günü keçirir. Onlara təəccüblənirəm, vaxt da tapırlar”.